Əlövsət Saldaşa Nəzirə
Published:
Əlövsət Saldaşa Nəzirə
Ustadın Şeiri:
Dedi ki, halının harası yoxdur?
Dedim - parası var, parası yoxdur.
Dedi ki, dərdinin çarası yoxdur,
Dava - dərman yazdı həkim bir qədər.
Mən çətin adamam, mən çətin adam,
Bu qədər doğmanın içində yadam.
Doldur o qəlyanı bəri ver, qadam,
Yanan ciyərimə çəkim bir qədər.
Gedib genəşməli baş da tapılmır,
Başlıq qalmayıbdı başda, tapılmır…
Mən deyən sanballı daş da tapılmır,
Götürəm başıma tökəm bir qədər.
Hərdən bənd oluram sözə, görürsən,
Meylim var atəşə - közə, görürsən…
Hərdən görünürəm gözə - görürsən,
Hərdən qeyb oluram, təkəm bir qədər.
Mən Əlövsət baba, Əlövsət dədə,
Bir daş ünvanım var Əlövsətdə də…
Görkəmdə cılızam, arığam, dədə,
Kəlmədə salğarlı, kökəm bir qədər.
Mənim Ustada Nəzirəm:
Həkim ürəyimi təftiş eylədi,
Dost, yarı yanımdan tərxis eylədi,
Sonda mərəzimi təşxis eylədi:
Dərd u qəm bir qədər, zökəm bir qədər.
Sevmədim şəhərin ab-havasını,
Zəhərə oxşatdım lap havasını,
Gedib o dağların saf havasını,
“Yanan ciyərimə çəkəm bir qədər.”
Gedər zirvələrin yolu ətəkdən,
Arı əl çəkərmi baldan, pətəkdən,
Töküb bu şəhərin daşın ətəkdən,
Dağlarda alaçıq tikəm bir qədər.
Ustad, pis şey yoxdur bu təklik kimi,
Axı xoşbəxt edər de, təklik kimi?
Ovçudan yayınan bir kəklik kimi,
Xınalı daşlarda səkəm bir qədər.
Demə harda çatar bu ömrün sonu,
Şıltaq oyna sən bu şıltaq oyunu,
Allah nə yazıbsa, yaşarsan onu,
Nə artıq yaşarsan, nə kəm bir qədər
Sonranı yadına sal, daş atanda,
Atan gərək atsın sal, daş atanda,
Bir daşı Əlövsət Saldaş atanda,
Daş sözdən bir qala dikəm bir qədər.
Bu şeir şair Əlövsət Saldaşın şeirinə nəzirə olaraq yazılmışdır. Nəzirə - klassik Şərq ədəbiyyatında bir şairin başqa şairin şeirinə cavab olaraq, eyni vəzn və qafiyə sxemi ilə yazdığı şeir növüdür.
