Çay Kənarında

Published:

Çay Kənarında

Yenə həsrətində kölgələnmişəm,
Yenə xəyallarım uzaqlardadı.
Bir tut budağı tək silkələnmişəm,
Axan göz yaşlarım yanaqlardadı.

Həsrətmi kövrəldib uşaqlaşmışıq?
Buludlar dolmasa yaranmazdı çay.
Bu gün tək üçümüz oyaq qalmışıq;
Bir mən, bir lal gecə, bir də nurlu Ay.

Baxdım pəncərədən saralmış Aya,
Necə qəmli, boynu bükükdü, necə?
Ölüm hökmü kəsib sanki dünyaya,
Ölən sabahların məzarı-Gecə.

Bilirsən nə istər ürək bu anda?
Hər kəsə qapını bağlamaq istər.
Bir meşə qoynunda, çay kənarında,
Oturub doyunca ağlamaq istər.

İnsan keçənləri gətirib ağla,
Lap unudanacan yorulmaq istər.
Ürək deyər: “Bəsdir, oturub ağla”,
Ağlayıb bu çayda durulmaq istər.

Qəlbin bu xəyaldan eh, nə karı var?
Gündüzdən beynimdə tıxaclar qalıb.
Şükr elə, hələ ki, çay kənarı var,
Hələ ki, meşədə ağaclar qalıb.

Gecə, bir nurlu ay, bir çay qırağı,
Və güllər, ağaclar tanıyır məni.
“Susmaq razılıqdır”- deyirlər axı,
Onunçün dilsizlər anlayır məni.

Və gün çıxır… Əsir səhər küləyi,
Günəş nizəsiylə deşir pərdəni.
Deyir: “Unut daha gülü, çiçəyi,
Soyuq bir gündüzə səsləyir məni.

Gecə böyütdüyün zərif duyğular,
İlk insan səsiylə güllələnirlər.
Bu insan adında üzüsoyuqlar,
Danışır, gülüşür, qürrələnirlər.

Kim anlar duyğudan? Yox maraqları,
Ölmüş hissiyyatı insanların da.
Bütün sevgiləri, ağlamaqları,
Basdırıb gəlirsən çay kənarında.