Qürbət

Published:

Qürbət

Bir həsrət əliylə qəlbi oxluyam,
Yardan kənar düşmək qismətdi mənə.
Cənnətdən qovulmuş Adəm oğluyam,
Dünyanın hər yeri qürbətdi mənə.

Qəribəm, aldadır hər yetən nəfər,
Və hər kəs özünə uydurur yalan.
Əbədi olmağa ac qalıb bəşər,
Bu ac qarınları doydurur yalan.

Cırıb həqiqəti varaqlar kimi,
Özünü yalanla qocaldır bəşər.
Oyuncaq oynayır uşaqlar kimi,
Ev tikir, imarət ucaldır bəşər.

Gördüm məzlum, zalım və lovğaları,
Hamımız məğlubuq, son-məzar isə.
Anlaya bilmirəm bu qovğaları,
Hər şeyin sonunda ölüm var isə.

Torpaqmı bizimdir, bizmi torpağın?
Bu ac əjdahaya nədir məhəbbət?
Axmaqlıq bəs edər, cəngi buraxın,
Kim qalib, kim məğlub deyin nəhayət?

Ey insan, fanisən, gözün də doymur,
Çəkdiyin bu zülüm, zillətə dəyməz.
Onsuzda, Əzrail rüşvətə uymur,
Yığdığın var-dövlət, sərvətə dəyməz.

Hər gecə ölümdür, hər sübh həşirdir,
Allah əsl olanın misalın verər.
Həyat ələyindən bizi keçirdir,
Haqq gerçək aşiqin vüsalın verər.

İnsan yalanların oyuncağıdır,
Bir gerçək ölümdür fani həyatda.
Dünya məğlubların yığıncağıdır,
Tək ALLAH qalibdi bu kainatda!