Varlıq və Yoxluq Arasında
Published:
Varlıq və Yoxluq Arasında
Bu yolun sonu yoxluqdu,
Sonun yoxluğundasan.
Bu dünya bir boş çoxluqdu,
Heçin çoxluğundasan.
Ömrü xərclə bu çoxluqda,
Çalış, vuruş, qur yarat.
Oğulsansa, bu yoxluqda,
Özünə bir var yarat.
Bu var səni düşündürsün,
Hər dəqiqə, hər saat.
Ya evində, ya qolunda,
Bir saatın varsa, at.
Bu saatın əqrəbləri,
Balacadır, heç kimi.
Kəmfürsətdi, zəhərlidi,
Sağ buraxmaz heç kimi.
Zaman heçdi, məkan heçdi,
Azad ol qaydalardan.
Ömrümüz tək ibarətdi,
“İndi” və “burda”lardan.
Böyük olmaq bizdən keçdi,
Sən xırdadan bərk yapış.
Heyfslənmə, keçən heçdi,
Sən “indi”dən, sən “burda”dan bərk yapış.
Haçanlara, Hardalara,
Nə inam, nə ümid var.
Sabahlara, Ordalara,
İndi, Burda keçid var.
İndi burda nə varsa, var,
Yox başqa yer, küçələr.
Nə bakirə sabahlar var,
Nə kirlənmiş gecələr.
Bu yolun sonu yoxluqdu,
Tələsmə yoxluq üçün.
Bu dünya bir boş çoxluqdu,
Sən yoxsan çoxluq üçün.
